Seçki-2024
Cəlilabadlılar YAP-ın namizədinə səs verəcəklər
Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 71 saylı Cəlilabad şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Malik Həsənovun Cəlilabad rayonunun Astanlı və Zopun kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı çıxış edərək bildirib ki, Azərbaycanın hər bir uğurunda YAP-ın müstəsna rolu və danılmaz payı var: “Bu gün YAP suverenliyimizin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın yeni hədəflərinin həyata keçirilməsinə töhfələrini vermək üçün daha böyük səylə çalışır”.
Daha sonra çıxış edən deputatlığa namizəd Malik Həsənov qeyd edib ki, insanların yüksək fəallığından da göründüyü kimi, partiyaya xalqın inamı və etimadı böyükdür: “ Hər bir seçkinin nəticələri bu etimadın daha da artdığını təsdiqləyir. Çünki YAP yarandığı gündən Azərbaycanın daha da güclənməsinə, beynəlxalq nüfuzunun artmasına, xalqın rifahının daha da yüksəlməsi üçün əzmlə çalışır. Partiyanın qəbul etdiyi hər bir qərarın Azərbaycanın uğurlu gələcəyinə xidmət etməsi onun cəmiyyətdə rolunu artırır, mövqeyini daha da möhkəmləndirir”.
Çıxışının sonunda namizəd M.Həsənov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Tədbirdə çıxış edən seçicilər, Astanlı kənd sakinlərindən Əliməmməd Qürbətov, Ataxan Mənsimov, Sənami Kərimov, Nicat Qürbətov, Zopun kənd sakinləri Fayazxan Kazımov, Möhübbət Ağayev, Saleh Səfərov, Əsəd Abbasov və digərləri parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.