Seçki-2024
Gəncliyin seçimi bəllidir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ülviyyə Həmzəyevanın YAP Culfa rayon təşkilatının qərargahında gənc seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının əsas missiyalarından biri vətənpərvər, sağlam düşüncəli yeni nəslin formalaşmasına, gənclərin ictimai fəallığının artırılmasına və onların təşəbbüslərinə dəstək verməkdir: “Ölkəmizdə həyata keçirilən siyasət bütün sahələrdə çoxsaylı uğurların əldə edilməsinə səbəb olub. Eyni zamanda, bu uğurlardan gənclərə də pay düşür. Ümumiyyətlə, dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafına, məşğulluq və təhsil səviyyəsinin yüksəldilməsinə, onların dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının artırılmasına hesablanıb”.
Q.İbrahimov gənclərin parlament seçkilərində YAP-ı dəstəkləyəcəklərinə əminliyini ifadə edib.
Çıxış edən deputatlığa namizəd Ülviyyə Həmzəyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edib ki, müasir gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilib: “Gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edirlər. Gənclərin cəmiyyətin müasir, inkişaf etmiş, yüksək intellektli nümayəndələri kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı siyasətin mühüm rolu olub”.
Öz növbəsində çıxış edən gənc seçicilər 1 sentyabrda YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.