Seçki-2024
Şərəfli dövr
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 79 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudovun rayonun Ərçivan qəsəbəsinin seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov vurğulayıb ki, partiyamızın əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlikdir. O bildirib ki, ötən 32 il ərzində YAP bütün seçkilərdə böyük qələbələr qazanıb: “YAP sözün əsl mənasında xalqın partiyasıdır. Partiyamızda xalqımızın bütün təbəqələri birləşir”.
Daha sonra çıxış edən deputatlığa namizəd Rəşad Mahmudov Azərbaycanda bütün sahələri əhatə edən uğurlu inkişafdan, o cümlədən müasir tariximizin ən mühüm hadisəsi olan ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasından bəhs edib.
Namizəd qeyd edib ki, hər bir seçkiyə böyük inamla, qələbə ruhunda və ovqatında qatılan YAP qalib və qüdrətli Azərbaycanın keçdiyi zəngin, şərəfli və uğurlu yolun təqdimatını edir.
R.Mahmudov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Ağakişi Ağayev, Sevinc Rüstəmova, Nuranə Həmidova, Loğman Ağayev, Hüseyn Yusubov YAP-ın cəmiyyətdə artan nüfuzundan, xalqın inamından və etimadından bəhs ediblər.
Seçicilər Yeni Azərbaycan Partiyasının xalqın etimadını doğrultduğunu bildirərək daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini söyləyiblər.
Xatırladaq ki, R.Mahmudov Ərçivan qəsəbəsi, Qurtuluş küçəsində yaşayan sakinlərlə də görüşüb, şəhid məzarlarını ziyarət edib.