Seçki-2024
Heydər Əliyev yolunun alternativi yoxdur!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 37 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Hüseynovun Puta qəsəbəsində seçicilərlə görüşü keçirilib.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışıb. Yeni dövrün reallıqlarına uyğun hədəflərin uğurla reallaşdırılması üçün xalqın yenidən YAP-a etimad göstərəcəyinə əminliyini ifadə edən Q.Əliyev seçiciləri qarşıdan gələn parlament seçkilərində fəallıq göstərməyə çağırıb.
Tədbirdə çıxış edən deputatlığa namizəd Aydın Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyası sözün əsl mənasında xalqın partiyasıdır: “Partiyamızın sıralarında cəmiyyətin bütün təbəqələrindən olan insanlar birləşib və YAP öz əməli fəaliyyəti ilə xalqa xidmət edir”.
A.Hüseynov əldə olunan tarixi nailiyyətlər və parlaq qələbələrin Azərbaycanda Heydər Əliyev yolunun alternativinin olmadığını bir daha təsdiqlədiyini deyib.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Aqşin Paşayev, Hüseyn Məmmədov, Namiq Kəlbiyev və digərləri seçiciləri Azərbaycanın parlaq gələcəyi naminə YAP-ın namizədinə səs verməyə çağırıblar.