Seçki-2024
Hədəflər reallığa çevrilir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Gəncə, Mingəçevir və Şəmkir şəhərlərində, Kürdəmir, İsmayıllı və Qobustan rayonlarında məskunlaşmış cəbrayıllı seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev bildirib ki, ölkəmiz mühüm siyasi kampaniya - 1 sentyabrda keçiriləcək parlament seçkiləri ərəfəsindədir: “Hər bir seçki prosesi ölkəmizin demokratik inkişafında yeni bir mərhələnin başlanğıcı, yeni dövr üçün yeni hədəflərin müəyyənləşdirilməsidir”.
Çıxış edən deputatlığa namizəd Ceyhun Məmmədov YAP-ın seçki platforması haqqında məlumat verib. Bildirib ki, hər bir seçkiyə böyük inamla, qələbə ruhunda və ovqatında qatılan Yeni Azərbaycan Partiyası “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə qalib və qüdrətli ölkəmizin keçdiyi zəngin, şərəfli və uğurlu yolun təqdimatını edir.
Tədbir iştirakçılarından Əyyub Kərimov və Nizami Seyidəliyev çıxış ediblər. Natiqlər 1 sentyabr seçkilərində seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.