Seçki-2024
Davamlı uğurlar naminə!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 113 saylı Qax - Şəki seçki dairəsidən namizədliyi irəli sürülmüş Mithad Sayadovun Qax rayonunun Əlibəyli, İbaxlı və İngiloy-Kötüklü kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev YAP-ın ölkəmizin siyasi həyatındakı yeri, dövlətçilik tariximizin Ulu Öndər Heydər Əliyev irsi ilə sıx bağlılığı və bu bağlılığın xalqımıza qazandırdığı uğurları barədə danışıb. N.Allahverdiyev çıxışında tolerantlığın, hüquqa əsaslanan vətəndaş mövqeyinin YAP-ın bütün seçki proqramlarında yeri, Azərbaycanda yaşayan azsaylı xalqların ölkəmizin ictimai-siyasi həyatında fəallığı barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edən deputatlığa namizəd Mithad Sayadov seçki platformasında yer alan vacib məslələrə toxunub. Namizəd bildirib ki, bu gün ölkəmizin istisnasız olaraq bütün ərazilərində seçkilərin keçirilməsindən böyük iftixar hissi keçirir: “Biz bundan qürur hissi ilə bəhs edirik. Amma bu, həm də böyük məsuliyyətdir”. M.Sayadov vurğulayıb ki, əgər deputat seçilərsə seçicilərinə xidmətini məhz bu məsuliyyət hissi ilə icra edəcəyini bildirib.
Görüşdə çıxış edən seçicilər Azərbaycanın uzun yol qət edərək qazandığı nailiyyətlərdə YAP-ın da öz rolunun olduğunu söyləyiblər. Qeyd olunub ki, xalqımız yenə də YAP ilə birgə ölkəmizin davamlı uğurlarının şahidi olacaq.