Seçki-2024
Lənkəran seçiciləri parlaq gələcəyi dəstəkləyir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 78 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar İsgəndərovun seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev bu gün ölkəmizin yeni inkişaf dövrünü yaşadığını deyib. O qeyd edib ki, Prezident İlham Əliyev milli maraqları yüksək səviyyədə təmin edən məqsədyönlü siyasət həyata keçirir və Azərbaycana möhtəşəm qələbələr qazandırır.
Deputatlığa namizəd A.İsgəndərov dünənin, bu günün və gələcəyin partiyası olan YAP-ın müstəqil Azərbaycanın qüdrətli dövlətə çevrilməsində müstəsna rol oynadığını bildirib. Namizəd parlament seçkilərinin də YAP-ın qələbəsi ilə yekunlaşacağına əminliyini ifadə edərək deyib: “İnanırıq ki, Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər xalqın YAP-a inamının növbəti ifadəsi, Ulu Öndər Heydər Əliyev yoluna sədaqətinin birmənalı göstəricisi olacaq”.
Daha sonra çıxış edən təşviqat qrupunun üzvləri Yalçın Əliyev, Cəmil Quliyev, Natiq Mirzəyev diqqətə çatdırıblar ki, YAP-ın namizədlərini dəstəkləmək uğurlu inkişafı, parlaq gələcəyi seçməkdir.
Qeyd edək ki, A.İsgəndərov rayonun Ləj və Kərgəlan kəndlərində də seçicilərlə görüşüb.