Seçki-2024
YAP ölkəmizə mühüm nailiyyətlər qazandırıb
2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 42 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hicran Hüseynovanın Sumqayıt şəhəri, 5 və 6-cı mikrorayon seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev bildirib ki, uzunmüddətli daxili sabitliyə, sarsılmaz xalq-iqtidar həmrəyliyinə nail olunması ölkəmizin bütün sahələrdə uğurlar qazanmasını şərtləndirən fundamental amillərdən biridir. Qeyd olunub ki, ən böyük nailiyyət və möhtəşəm Zəfər isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. Budəfəki parlament seçkilərinin müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazilərində keçirilməsilə əlamətdar olduğu xüsusi qeyd edilib.
Deputatlığa namizəd Hicran Hüseynova çıxışında Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verərək, partiyanın strateji xəttinin əsaslarını açıqlayıb. Bildirib ki, hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin siyasi-iqtisadi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin edib. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasət hər bir vətəndaş tərəfindən dəstəklənir.
Daha sonra təşviqat qrupunun üzvləri Alı Alıyev, Sevindik Hüseynov və digər çıxışçılar vurğulayıblar ki, YAP-ın siyasəti ölkənin davamlı inkişafı üçün böyük əhəmiyyət daşıyır və bu siyasətin davam etməsi üçün partiyanın namizədinə seçicilərin dəstək verməsi vacibdir.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini qeyd edərək, partiyanın mövqeyini dəstəklədiklərini ifadə ediblər.
Qeyd edək ki, deputatlığa namizəd Hicran Hüseynova Sumqayıt şəhərində Vətən müharibəsi qazisi Rəvan Qalib oğlu Əzizovu ziyarət edib.