Seçki-2024
Uzaqgörən və qətiyyətli siyasət
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səliqə İsmayılovanın Zərdab rayonu, Kəndəbil kəndində seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədr müavini Ələkbər Kərimov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil, müasir, qüdrətli Azərbaycan Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə uğurlu sabahlara doğru inamla addımlayır: “Qısa müddət ərzində uğurla icra olunaraq həyata keçirilən layihələr, görülən işlər ölkəmizin davamlı inkişafına xüsusi töhfələr verir”.
Sonra sədr müavini deputatlığa namizəd Səliqə İsmayılova haqqında seçicilərə məlumat verib.
Deputatlığa namizəd Səliqə İsmayılova ilk öncə YAP-ın seçki platforması haqqında seçiciləri məlumatlandırıb. O, qeyd edib ki, bu gün Azərbaycan dinamik inkişaf tempinə görə təkcə Cənubi Qafqazda deyil, ümumilikdə dünya ölkələri arasında fərqlənir, sayılıb-seçilir: “Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. İşğaldan azad olunmuş bölgələrimizdə qısa müddət ərzində həyata keçirilən abadlıq, quruculuq və bərpa işləri bu inkişafın əyani göstəriciləridir”.
Diqqətə çatdırılıb ki, məhz bu uğurlar sayəsində qarşıdan gələn növbədənkənar parlament seçkiləri ölkəmizin bütün ərazilərində keçiriləcək.
Görüşdə çıxış edən seçicilər də öz növbəsində Azərbaycanın gələcək uğurları naminə YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.