Seçki-2024
Söz ilə əməl birliyi...
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 118 saylı Ağdam-Xocalı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Məmmədovun Bakı şəhəri, Binəqədi rayonu ərazisində məskunlaşmış Ağdam və Xocalı rayonlarından olan seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev son 30 ildə əldə olunan uğurlara nəzər salaraq qarşıda duran hədəflərdən bəhs ediblər. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu YAP-ın şərəfli inkişaf yolu keçərək bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə yeni nailiyyətlərə imza atdığı vurğulanıb. “Söz ilə əməl birliyi ümumxalq partiyasına sarsılmaz inamın və partiyamızın qələbələrinin əsasıdır”, - deyə vurğulanıb.
Əvvəlcə YAP-ın seçki platforması barədə məlumat verən deputatlığa namizəd E.Məmmədov Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının müasir dövlətçilik tariximizin şanlı və qürurverici səhifəsi olduğunu bildirib. O, “Böyük Qayıdış 30 il ərzində Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən Azərbaycan xalqının ən böyük arzularından idi. Bu gün qürur və iftixarla qeyd edirik ki, Heydər Əliyev yolunun Müzəffər davamçısı İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər nəticəsində soydaşlarımızın arzuları gerçəkliyə çevrilir - Böyük Qayıdış prosesi uğurla reallaşdırılır. Bu proses çoxəsrlik dövlətçilik tariximizin önəmli səhifələrindən birinə çevrilməklə daha güclü yeni Azərbaycanın parlaq gələcəyinə töhfə verəcəkdir”,- deyə vurğulayıb.
Tədbirdə çıxış edən seçicilər - müharibə veteranı Mail Əsgərov, Nazim Məmmədov, Azadə Quliyeva və başqaları çıxış edərək uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.