Seçki-2024
Birlikdə növbəti zəfərlərə doğru!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 2 saylı Şərur-Kəngərli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzovun Çalxanqala kənd Mərkəzinin iclas zalında Çalxanqala, Xıncab və Təzəkənd kənd seçiciləri ilə görüşü keçirilib.
Tədbirdə Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm nailiyyətlər əldə edib. Bu gün sıralarında 700 mindən çox üzvü birləşdirən YAP gücünü xalqın dəstəyindən alır.
Çıxış edən deputatlığa namizəd Siyavuş Novruzov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, bu gün Azərbaycan dövlətinin sosial siyasət sahəsində başlıca məqsədi insana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması və sosial ədalət prinsipinin daim qorunmasıdır: “Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı və mənafeyi dayanır” fikri həyata keçirilən sosialyönümlü siyasətin əsasını təşkil edir. Yeni Azərbaycan Partiyasının Proqramında və seçki platformasında da sosial ədalət və insan amili prinsipi əksini tapıb. Sosial siyasət sahəsində islahatlar davamlı xarakter daşıyır və əhalinin rifahının daha da yaxşılaşması istiqamətində ardıcıl tədbirlərin reallaşdırılması nəzərdə tutulub”.
Siyavuş Novruzov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Məhəmməd Məmmədov, Əşrəf Babayev və digərləri çıxış edərək uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Qeyd edək ki, həmin gün Siyavuş Novruzov Çalxanqala kəndində seçicilərlə fərdi görüşlər də keçirib.