Seçki-2024
Laçında seçicilərlə görüş…
Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rövşən Muradov Laçın şəhəri, Zabux və Sus kəndlərində seçicilərlə görüşüb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinin zirvəsini ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması təşkil etdiyini, Laçında seçki kampaniyasının aparılmasının sevincini bölüşüb. O, Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətləri barədə danışaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış yeni reallıqlardan irəli gələn hədəflərdən, işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış”ın təmin olunması və sosial-iqtisadi quruculuq sahələrindən danışıb.
Çıxış edən deputatlığa namizəd Rövşən Muradov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək qeyd edib ki, bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur: “Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, “Böyük Qayıdış”ın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətimizin prioritet istiqamətlərinin davamı olacaq.
Görüşdə təşviqat qrupunun üzvləri Murad Hüseynov, Solmaz Məhərrəmova, Şikar Qasımov və Telman Əşrəfov çıxış edərək bildiriblər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində qələbə qazanmaqla regionda yeni reallıqlar yaradıb, ölkəmiz həm də siyasi müstəvidə bu reallıqların beynəlxalq aləm tərəfindən qəbul edilməsinə nail olub.
Seçicilərə müraciət edən natiqlər yeni hədəflərə çatmaq üçün YAP-ın namizədlərinə səs verməyə çağırış ediblər.
Seçicilər çıxışlarında “Yeni dövrə yeni Azərbaycanla!” naminə YAP-ın namizədi Rövşən Muradova səs verəcəklərini bildiriblər.