Seçki-2024
“Bütün hədəflərimiz reallığa çevriləcək”
Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnur Rəhimovun YAP Nəsimi rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. A.Süleymanov partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını bildirərək bu dəfə də möhtəşəm qələbə qazanacağına inandığını bildirib.
Deputatlığa namizəd Elnur Rəhimov Yeni Azərbaycan Partiyasının seçki platforması barədə məlumat verib. O, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini, qarşıda mühüm hədəflərin durduğunu söyləyib. “Bütün hədəflərimiz reallığa çevriləcək”, - deyə vurğulanıb.
E.Rəhimov öz çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasına inamlarını bir daha ifadə edərək partiyanın namizədini dəstəklədiklərini bildiriblər.