Seçki-2024
“Qüdrətli Azərbaycan reallığı hər birimizin iftixar mənbəyidir”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 60 saylı Quba-Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fidan Bağırovanın rayonun Qaraçay qəsəbəsindən olan seçicilərlə görüşü keçirilib.
YAP Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yola nəzər salaraq xalqa, Vətənə, dövlətçiliyə xidmət edən partiyanın Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin dinamik inkişafına öz töhfələrini verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb və Azərbaycan regionun lider dövlətinə çevrilib.
Deputatlığa namizəd Fidan Bağırova Azərbaycanın bu gün regionun ən qüdrətli dövləti olduğunu diqqətə çatdırıb. Bildirilib ki, aparılan islahatlar nəticəsində əhalinin həyat şəraiti daha da yaxşılaşır, ölkə iqtisadiyyatı davamlı inkişaf edir, yeni nailiyyətlər qazanılır. “Bütün sahələrdə dinamik inkişaf müşahidə olunur. Regionların sürətli yüksəlişi reallıqdır. Bu inkişafdan Quba rayonuna da pay düşüb”, - deyən F.Bağırova vurğulayıb ki, qüdrətli Azərbaycan reallığı xalqımızın iftixar mənbəyidir.
Deputatlığa namizəd bütün seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində fəal olmağa və layiqli namizədə səs verməyə çağırıb.