YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP-ın keçdiyi yol xalqa, dövlətə xidmət nümunəsidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 6 saylı Ordubad-Culfa  seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Rəhimzadənin Ordubad rayonunun Düylün, Üstüpü, Çənnəb və Məzrə kəndlərində  seçicilərlə görüşləri keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı yolunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə  YAP Ordubad  rayon  təşkilatının sədri Ehtibar İsmayılov  1 sentyabr-növbədənkənar parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyasının seçki platformasından geniş bəhs edib. Bildirib ki, suverenliyinin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın uğurları, zəfərləri harada yaşamasından asılı olmayaraq hər birimizi qürurlandırır. Artıq dörd ilə yaxındır ki, tarixi Zəfərimizin reallıqlarından, Qarabağımızın və Şərqi Zəngəzurumuzun dirçəlməsindən bəhs edirik.  Yeni Azərbaycan Partiyasının “Yeni dövrə yeni Azərbaycanla!” şüarı altında  seçicilərə təqdim edilən seçki platformasında Azərbaycanın iqtisadi, siyasi, demokratik islahatlar, xarici siyasasət, ordu quruculuğu, bütün sahələrdə qazandığı uğurlar əsaslı şəkildə diqqətə çatdırılır.  “Yeni dövrün yeni hədəfləri olmalıdır” çağırışına əsasən görüləcək işlər,  qarşıda duran vəzifələr açıqlanır. YAP hər dövrün çağırışının yerinə yetirilməsinə öz töhfələrini verən, daim yeniliyə, təkmilləşməyə maraq göstərən partiya kimi cəmiyyətdə nüfuz qazanıb.

  Ehtibar İsmayılov deputatlığa namizəd Vüqar Rəhimzadə haqqında seçicilərə məlumat verib.

 Deputatlığa namizəd  Vüqar Rəhimzadə çıxışında bu məqamı xüsusi qeyd edib ki, günümüzün əsas çağırışlarından bəhs edərkən müstəqilliyimizin ayrı-ayrı dövrlərinin  müqayisəli təhlili fonunda Azərbaycanın hazırkı inkişaf səviyyəsinə necə gəlib çıxdığını indiki və gələcək nəsillərə çatdırmağı  xüsusi qeyd etməliyik.  O dövrü görməyən  gənc nəsil bilməlidir ki, Azərbaycanı uğurlara, zəfərlərə qovuşduran Heydər Əliyev siyasətidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin liderlik keyfiyyətləri, zəngin idarəçilik təcrübəsi, düşünülmüş siyasəti Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxardı. Bu gün Onun şah əsəri olan müasir müstəqil Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  zəfərlərə qovuşdu. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, həmçinin ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması yeni hədəflərə yol açdı. Bu hədəflər seçkilərə “Yeni dövrə yeni Azərbaycanla!” qatılan  Yeni Azərbaycan Partiyasının seçki platformasında öz əksini tapıb.

 Vüqar Rəhimzadə yeni dövrün yeni hədəflərini gerçəkləşdirmək üçün seçiciləri  1 sentyabr - parlament seçkilərində fəal iştirak etməyə, Yeni Azərbaycan Partiyasının namizədlərinə səsləri ilə dəstək olmağa çağırıb.

 Görüşlərdə Fərman Rəsulov, Nadir Rzayev, Məhərrəm Əliyev, Ruhiyyə Hüseynova, Siyavuş Quliyev, Ramazan Gözəlov, Soltan Bayramov və Gəray Əsədov çıxış edərək Yeni Azərbaycan Partiyasına xalqın etimadından bəhs edərək bildiriblər ki, dünənin, bu günün və gələcəyin partiyası olan YAP daim seçkilərdə qələbə qazanır. Yarandığı gündən xalqın partiyasına çevrilən YAP-ın keçdiyi yol xalqa, dövlətə xidmət nümunəsidir.

 Çıxış edənlər seçiciləri Azərbaycanın müstəqillik tarixinin zəfər səhifələrinin davamlılığına dəstək olmaq üçün seçki hüquqlarından istifadə edərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Vüqar Rəhimzadə Düylün kəndində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlər Mətin Ramiz oğlu Hüseynov və İntiqam Allahverdi oğlu Abdullayevin ailələrində olub, məzarlarını ziyarət edib. Üstüpü kəndində də şəhidlər Üzeyir Fərhat oğlu Babayev və Kazım Məzahir oğlu İsmayılovun məzarlarını ziyarət edib.