Seçki-2024
Milli tərəqqiyə hədəflənən siyasət…
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aidə Əhmədovanın Masazır qəsəbəsində məskunlaşmış kəlbəcərli seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi yad edilib.
Deputatlığa namizəd Aidə Əhmədova YAP-ın seçki platforması barədə məlumat verib. O bildirib ki, ölkəmizin siyasi həyatında aparıcı rola malik Yeni Azərbaycan Partiyası bu seçkilərə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş möhtəşəm Zəfərdən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə qatılır: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız qələbələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını təmin edib. Yeni dönəmdə görülən işlər ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünün yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə xidmət edir. Yeni reallıqlar şəraitində milli tərəqqiyə hədəflənən siyasət nəticəsində qarşımızda yeni perspektivlər açılıb”.
Görüşdə çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.