Seçki-2024
Parlament seçkiləri “Zəfər” seçkisinin məntiqi davamıdır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 86 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Rzayevin Hüsülü kənd seçicilərilə görüşü keçirilib.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov görüşü açaraq Yeni Azərbaycan Partiyasının seçkilərə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını qeyd edərək bu gün Azərbaycanın sabitlik və təhlükəsizlik adası kimi tanındığını, ölkədə həmrəylik və xalq-iqtidar birliyinin nəticəsi olaraq çox böyük inkişafın əldə edildiyini bildirib və YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib.
Deputatlığa namizəd Tahir Rzayev seçicilər qarşısında çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında müstəsna xidmətlər göstərib. Onun sözlərinə görə, ən böyük tarixi nailiyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır. Bunun nəticəsində də parlament seçkilərinin ilk dəfə olaraq müstəqil ölkəmizin bütün ərazilərində keçirilməsini təmin edilib.
Daha sonra Tahir Rzayev seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Hüsülü kəndinin seçiciləri adından Cahid Rüstəmov və Solmaz Məmmədova çıxış edərək YAP-ın daim xalqın mənafeyindən çıxış etdiyini qeyd edərək seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Daha sonra Tahir Rzayev Ağcabədi şəhərinin Heydər Əliyev küçəsində yaşayan 94 yaşlı Nadir Səfərovu və Nəsimi küçəsində yaşayan 96 yaşlı Dilbər İbrahimovanı ziyarət edib.
Tahir Rzayev həmçinin, Şəhərin Heydər Əliyev parkında olub, parkda istirahət edən şəhər sakinləri, həmçinin gənclərlə görüşüb.