Seçki-2024
YAP ölkəmizin inkişafında müstəsna rol oynayır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eyvaz Qurbanovun Oğuz rayonu, Sincan, Tərkəş, Mollalı və Dəymədağlı kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, yarandığı tarixdən Yeni Azərbaycan Partiyası ali hədəflərə çatmaq uğrunda mübarizə aparır: “Bu isə YAP-ı bütün sahələr üzrə yeni qələbələrə doğru aparır. Böyük əminliklə deyə bilərik ki, xalqın partiyası olan YAP parlament seçkilərində də ənənəsinə sadiq qalaraq möhtəşəm qələbə qazanacaq”.
Təşkilat sədri deputatlığa namizəd Eyvaz Qurbanovun keçdiyi həyat yolu haqqında seçicilərə məlumat verib, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov YAP-ın seçki platforması haqqında məlumat verib. Qeyd edib ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər Azərbaycan tarixinə sürətli inkişaf dövrü kimi daxil olub. Vurğulanıb ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında olan torpaqları azad edib, bu tarixi Zəfər dövrün hünər, rəşadət, igidlik və şücaət salnaməsinə çevrilib.
Tədbirdə təşviqat qrupunun üzvləri Nizami Əhmədov, İlkin Lətifov, şəhid atası Arif Məmmədov, tədbir iştirakçılarından Xanlar Ağayev, Əvəz Zakirov, Şiralı Abdullayev və digərləri çıxış ediblər. Natiqlər bütün reallıqlar fonunda seçiciləri daha böyük qələbələr naminə YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər 1 sentyabrda keçiriləcək seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.