Seçki-2024
Xalqın YAP-a növbəti etimadı
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizədi, YAP Sədrinin müavini Əli Əhmədovun avqustun 19-da seçicilərlə növbəti görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov diqqətə çatdırıb ki, indiyə qədər qazanılmış qələbələrə, yüksək nüfuzuna görə, bu gün respublikada YAP-a alternativ olacaq qüvvə yoxdur. O əlavə edib ki, Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək seçkilər xalqın YAP-a etimadının daha bir bariz ifadəsi olacaq.
Tədbirdə çıxış edən deputatlığa namizəd, YAP Sədrinin müavini Əli Əhmədov partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. Deputatlığa namizəd bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız sosial-iqtisadi inkişafın bütün göstəriciləri üzrə mühüm irəliləyişə nail olub. Bu gün Azərbaycan çox sürətlə və uğurla inkişaf edərək regionun lider dövlətinə çevrilib. Ölkəmizdə bütün sahələrdə böyük uğurlar əldə edilir.
Əli Əhmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Tədbir iştirakçılarından Samir Məmmədov, Nərmin Kazımova, Səadət Şirinova, Xəyalə Həsənova və digərləri çıxış ediblər. Onlar seçiciləri səsvermə günü aktiv olmağa və YAP-ın namizədinə səs verməyə çağırış ediblər.
Seçicilər də öz növbəsində 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini ifadə ediblər.
Xatırladaq ki, həmin gün deputatlığa namizəd Əli Əhmədov Vətən müharibəsi şəhidi Oktay Baxşəli Ağabəyovun ailəsi ilə görüşüb, müxtəlif ünvanlarda fərdi və məhəlli görüşlər keçirib.