Seçki-2024
“YAP xalqın etimadını doğrultmuş partiyadır”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızı YAP Nəsimi rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı aparıcı rolundan danışıb. O, sentyabrın 1-də keçiriləcək seçkilərin xalqın YAP-a inamının növbəti ifadəsi olacağını əminliklə vurğulayıb: “YAP xalqın etimadını doğrultmuş partiyadır”.
Deputatlığa namizəd Məlahət İbrahimqızı YAP-ın seçki platforması barədə məlumat verib. O vurğulayıb ki, partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın tərəqqisinə öz töhfələrini verib.
M.İbrahimqızı Yeni Azərbaycan Partiyasının 1993-cü ildən bu günə qədər bütün seçkilərdə əldə etdiyi tarixi qələbələrdən bəhs edərək qarşıda duran hədəflərə diqqəti cəlb edib.
Tədbirdə çıxış edən təşviqat qrupunun üzvü Şahismayıl İsmayılov və seçici Namiq Əsədov YAP-ın cəmiyyətdə yüksək nüfuza malik olduğunu bildirib, 1 sentyabr - növbədənkənar parlament seçkilərində xalqın inam və etimadının bir daha özünü doğruldacağını deyiblər.
Qeyd edək ki, deputatlığa namizəd Nəsimi rayonu, H.Seyidzadə küçəsində yaşayan seçicilərlə də görüşlər keçirib və şəhid ailələrini ziyarət edib.