Seçki-2024
Nailiyyətlərin davamına səs verək!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Məmmədlinin Xızının Şorabad qəsəbəsi, Yeni Yaşma və Türkoba kəndlərində seçicilər ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev bildirib ki, Yeni Azərbaycan Partiyası yüksək nüfuza malik aparıcı siyasi qüvvədir. O, YAP-ın milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb, seçiciləri partiyanın namizədinə səs verməyə çağırıb.
Daha sonra çıxış edən deputatlığa namizəd Müşfiq Məmmədli YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, YAP səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfə verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır.
Görüşlərdə çıxış edən təşviqat qrupunun üzvləri Fərrux Haqverdiyev, Sərvaz Abbasov, Vəsilə Əhmədova, Nəriman Həsənov uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd şəhid Elməddin Cəfərovun ailəsini də ziyarət edib.