Seçki-2024
Uğurla başlanan yeni dövr
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 79 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudovun Astara rayonu, Şüvi, Sərək, Deqədi, Siyatük və Səlivə kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşıb: “YAP-a xalqın inamı və etimadı böyükdür. Çünki partiya bu etimadı yarandığı gündən doğruldub. Yaranmasından sonra çox qısa bir zamanda iqtidar partiyasına çevrilən YAP-a xalqın sevgisi sonsuzdur. Bunu ölkəmizdə keçirilən seçkilərdə xalqın partiyaya, həyata keçirilən siyasətə dəstəyi də təsdiqləyir”.
Deputatlığa namizəd Rəşad Mahmudov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb, YAP-ın milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını qeyd edib. Aparılan uğurlu siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra yeni dövrün başlandığını, zamanın tələbinə uyğun olaraq Azərbaycanın qarşısında yeni vəzifələrin, yeni hədəflərin dayandığını söyləyən R.Mahmudov ölkəmizin hazırki reallıqlara müasir çağırışlarla qədəm qoyduğunu bildirib.
Tədbirdə təşviqat qrupunun üzvləri Nuranə Həmidova, Adil Rzayev, Mahmud Məmmədov, Rasim Hacıyev və Səadət Rəsulov çıxış edərək seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar. Onlar YAP-ın bu gün cəmiyyətdə artan nüfuzundan, xalqın inamından və etimadından bəhs ediblər.
Çıxış edənlər seçiciləri yüksək fəallıq şəraitində YAP-ın namizədlərinə səs verməyə çağırıblar.