Seçki-2024
Oğuzlular yüksək rifaha səs verəcək!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eyvaz Qurbanovun Oğuz rayonunun Filfili və Bayan kəndindən olan seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının seçkilərə yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb. O, əminliklə söyləyib ki, 1 sentyabr tarixində keçiriləcək parlament seçkilərində xalq YAP-nın namizədlərinə səs verəcək.
Sonra o, deputatlığa namizəd Eyvaz Qurbanov haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd E.Qurbanov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi ədaləti bərpa edərək torpaqlarımızı işğaldan azad edib: “Son 200 illik tariximizdə Azərbaycan özünün düşmən tapdağı altında qalan ərazilərini azad etməklə dünyada misli görünməmiş Zəfərə imza atıb. Tarixi Zəfərimizlə yanaşı, ölkəmizin məqsədyönlü və milli maraqlara xidmət edən tərəqqi strategiyası Azərbaycanın dünyada söz sahibinə çevrilməsinə gətirib çıxarıb. Respublikada bütün sahələrdə aparılan islahatlar nəticəsində partiyamız da böyük uğurlar qazanıb. İndi ölkəmiz növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır. Azərbaycan parlament seçkilərinin keçirilməsinə hazırlaşır”.
E.Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirlərdə, həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri Ceyhun Kərimov, İlkin Lətifov, Bayan kənd sakinləri Hüseyn Rəsulov, Rövşən Cabbarov, Adil Nurməmmədov, Filfili kənd sakinləri Eyvaz Verdiyev, Fizuli Tağıyev, Dağlar Cabbarov və digərləri çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, qarşıdan gələn parlament seçkilərində xalqımız bir daha iradəsini nümayiş etdirəcək.