Seçki-2024
Zəngin və şərəfli inkişaf yolu
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 101 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mübariz Qurbanlının Şəmkir rayonunun Qaracəmirli kəndinin seçiciləri ilə görüşü keçirilib.
Görüşü YAP Samux şəhər təşkilatının sədri Gündüz Bayramov giriş sözü ilə açaraq partiyanın parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını vurğulayıb. O, YAP-ın zəngin və şərəfli inkişaf yolu keçərək ümumxalq partiyasına çevrildiyini vurğulayıb.
Deputatlığa namizəd Mübariz Qurbanlı Yeni Azərbaycan Partiyasının seçki platforması barədə məlumat verib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin liderliyi ilə Azərbaycanın əldə etdiyi möhtəşəm uğurlardan bəhs edərək bildirib ki, dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan sürətlə inkişaf edib və ərazi bütövlüyünü bərpa edərək milli gücünü artırıb.
M.Qurbanlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə şəhid anası Dilbər Əsədova, İkinci Qarabağ müharibəsi veteranı Sənan Versərli, təqaüdçü Mahirə Məmmədova və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.
Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, deputatlığa namizəd Mübariz Qurbanlı kənddə bir neçə məhəllə görüşləri keçirib və İkinci Qarabağ müharibəsi şəhidlərinə həsr edilmiş bulaq kompleksini ziyarət edib.