YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Xalqın dəstəyi və etimadı ilə növbəti qələbəni qazanacağıq”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 2 saylı Şərur-Kəngərli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzovun Çərçiboğan və Arbatan kənd seçiciləri ilə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşdə YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev qarşıdan gələn parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. Təşkilat sədri vurğulayıb ki, dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən YAP yarandığı gündən  tutduğu yola, əqidəyə sadiq olub, milyonların sevgisini qazanıb: “Təsadüfi deyil ki,  YAP qələbələr, qaliblər partiyası kimi nüfuz qazanıb”.

Sonra o seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıb.

Tədbirdə çıxış edən deputatlığa namizəd Siyavuş Novruzov hüquqi və demokratik dövlət olan Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərdən, həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən bəhs edib. S.Novruzov YAP-ın ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətləri barədə danışıb: "Hər hansı bir siyasi partiyanın gücünü və nüfuzunu müəyyən edən mühüm amillərdən biri onun seçkilərdə əldə etdiyi nəticələrdir. Əminliklə söyləmək olar ki, partiyamız sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində də xalqın dəstəyi və etimadı əsasında növbəti möhtəşəm qələbə qazanacaq".

Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Əbdürrəhman Mehdiyev, Bəhrəm Əliyev, Mirdaməd Seyidov, Rasim Məmmədov, gənc seçici Həsən Cəfərov və digər seçicilər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların vətəndaş məmnunluğunu artırdığını, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən addımların Azərbaycanın qüdrətinin artmasını şərtləndirdiyini diqqətə çatdırıblar.

Seçicilər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını diqqətə çatdıraraq qeyd ediblər ki, hər bir vətəndaşın öz üzərində dövlətin hərtərəfli qayğısını hiss etməsi təqdirəlayiq haldır.

Sakinlər, eyni zamanda, Prezident İlham Əliyevin muxtar respublikanın inkişafına böyük önəm verməsini məmnunluq və minnətdarlıq hissi ilə diqqətə çatdırıblar.

Seçicilər YAP-ın xalqın etimadını doğrultduğunu, ölkəmizin inkişafına dəyərli töhfələr verdiyini bildiriblər. Onlar daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini ifadə ediblər.

Görüş zamanı sakinlərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, S.Novruzov şəhid ailələrini də ziyarət edib. Belə ki, Şərur rayonunun Oğuz kəndində şəhid leytenant Əli Süləddin oğlu Yusifovun, şəhid leytenant Cavid Əşirəf oğlu Nuruyevin, şəhid MAHHXHQ əsgəri Mərhəmət Adil oğlu Əhmədovun,  Çərçiboğan kəndində şəhid kapitan Seymur İlham oğlu Cabbarovun, şəhid MAHHXHQ əsgəri Pərviz Qorxmaz oğlu Novruzlunun, şəhid Cavid Ələsgər oğlu Novruzovun, şəhid Faiq Yaqub oğlu Məmmədovun, şəhid Ramiq İlyas oğlu Abbasovun və Birinci Qarabağ Müharibəsinin şəhidi Ələsgər Eldar oğlu Süleymanovun ailələrində keçirilən fərdi görüşlərdə şəhidlərimizin xatirəsi anılıb, onların müharibədəki igidlik və şücaətlərindən danışılıb.