Seçki-2024
Ucarlılar Heydər Əliyev siyasətinin davamına səs verəcəklər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsənin Ucar rayonu Alpout kəndinin seçiciləri ilə görüşü keçirilib.
Görüşü YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva giriş sözü ilə açaraq qeyd edib ki, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirib və ölkəmiz bu əsasda inkişaf edir: “Prezidentimiz İlham Əliyev bu siyasəti yeni dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirir. Ona görə də, bütün sahələrdə möhtəşəm nailiyyətlər qazanılıb. Vətəndaşlarımız da, təbii ki, bütün seçkilərdə inkişaf və tərəqqi siyasətinə, yəni Heydər Əliyev siyasətinə səs verirlər”.
Çıxış edən YAP-ın 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədi Ramil Həsən əvvəlcə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı altında uğurla davam edən YAP-ın təbliğat kampaniyası və seçki platforması haqqında ətraflı məlumat verib. R. Həsən vurğulayıb ki, bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir: “Bu siyasət xalqın tərəfindən birmənalı şəkildə müdafiə olunur. Xalqımızın qarşıdan gələn seçkilərdə də cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın namizədlərinə etimad göstərəcəyi şübhəsizdir”.
Tədbirdə təşviqat qrupunun üzvləri Nurməmməd Tağıyev, Rəna Cəfərova və şəhid atası Əli Vəliyev çıxış ediblər. Qeyd olunub ki, seçicilərin hər biri sentyabrın 1-də səsvermə məntəqələrinə gələrək Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə, bugünkü davamlı islahatlara öz dəstəyini ifadə edəcək.
Çıxış edən seçicilər - şəhid atası Qnyaz Xəlilov, Zərniyar Xəlilova, Yeganə Rəhimova, Səhnə Xəlilova, Ruhəngiz Ələsgərova 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Həmçinin Alpout kənd sakinlərinin müraciətləri və təəklifləri dinlənilib.
Qeyd edək ki, deputatlığa namizəd Alpout kəndində Birinci Qarabağ müharibəsi şəhidi Tağıyev Rəşid Mövsüm oğlunun, Yarməmmədov Muğan İsa oğlunun, Cəlilov Azad Sabir oğlunun, Vətən müharibəsi şəhidi Əliyev Kərim Məhəmmədəli oğlunun ailələrini ziyarət edib. Ramil Həsən Alpout kəndində şəhidlərin xatirə lövhələrini ziyarət edərək, onların önünə gül dəstələri qoyub və şəhidlərin ruhlarına dualar oxuyub.