YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Vətənə və xalqa xidmət nümunəsi

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 2 saylı Şərur-Kəngərli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzovun Şərur rayonu, Aşağı Daşarx kənd mərkəzinin iclas zalında Aşağı Daşarx, Oğuzkənd, Yeni Havuş və Xətai kənd seçiciləri ilə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Şərur rayon təşkilatının sədr müavini Adil Əhmədov Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının dinamik inkişafından, həyata keçirilən sosial layihələrin uğurlu nəticələrindən, vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmalarından və digər məsələlərdən bəhs edərək seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.

Deputatlığa namizəd Siyavuş Novruzov görüş zamanı hüquqi və demokratik dövlət olan Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərdən, həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən bəhs edib.

Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətləri barədə danışıb: “Hər hansı bir siyasi partiyanın gücünü və nüfuzunu müəyyən edən mühüm amillərdən biri onun seçkilərdə əldə etdiyi nəticələrdir. Əminliklə söyləmək olar ki, partiyamız növbədənkənar parlament seçkilərində də xalqın dəstəyi və etimadı əsasında növbəti möhtəşəm qələbə qazanacaq”.

Çıxış edən şəhid Əli Yusifovun atası Süləddin Yusifov, şəhid Cavid Nuruyevin atası Əşirəf Nuruyev, şəhid Mərhəmət Əhmədovun atası Adil Əhmədov, görüş iştirakçısı Məmməd Həsənov, təşviqat qrupunun üzvü Seyfəddin Eyvazov və digər seçicilər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların vətəndaş məmnunluğunu artırdığını, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən addımların Azərbaycanın qüdrətinin artmasını şərtləndirdiyini diqqətə çatdırıblar.

Seçicilər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını diqqətə çatdıraraq qeyd ediblər ki, hər bir vətəndaşın öz üzərində dövlətin hərtərəfli qayğısını hiss etməsi təqdirəlayiq haldır. Onlar Yeni Azərbaycan Partiyasının xalqın etimadını doğrultduğunu, ölkəmizin inkişafına dəyərli-layiqli töhfələr verdiyini bildiriblər, daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.

Görüş zamanı seçicilərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.