Seçki-2024
YAP-ı dəstəkləməklə qələbələrə davam edəcəyik!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ülviyyə Həmzəyevanın Babək rayonunun Güznüt kənd mərkəzində Çeşməbasar və Güznüt kənd seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub: “Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz cənab İlham Əliyevin Liderliyi, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Bu baxımdan YAP-ın parlament seçkilərində qələbəsi labüddür”.
Çıxış edən deputatlığa namizəd Ülviyyə Həmzəyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu var: “Əsası Ulu Öndər tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atan YAP ölkəmizin və regionun ən böyük siyasi təşkilatıdır. Bu baxımdan YAP-ın iştirak etdiyi bütün seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də qələbə qazanacağı şübhəsizdir”.
Tədbirdə seçki qərargahının üzvü İlkin Bağırov, seçici Hüseyn Hüseynov çıxış ediblər. Natiqlər diqqəti Prezident İlham Əliyevin gördüyü misilsiz işlərə yönəldib.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.