Seçki-2024
Göygöldə gənclərin seçimi YAP namizədidir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamran Bayramovun Göygöl şəhərində ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev gənclər siyasətinin Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biri olduğunu deyib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gəncliyin inkişafına xüsusi diqqət göstərməklə Azərbaycanın gələcəyini inşa edir. Bu siyasət mütərəqqi düşüncəli, intellektual, möhkəm əqidəli və zəngin mənəviyyatlı Azərbaycan gəncliyinin formalaşması və inkişafına hədəflənmişdir.
Çıxış edən deputatlığa namizəd Kamran Bayramov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının xalqın inam və etimadını layiqincə doğrultduğunu, Azərbaycanın inkişafına müstəsna töhfələr verdiyini diqqətə çatdırıb.
Azərbaycanda gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşadığını deyən namizəd gənclərin cəmiyyətin müxtəlif sahələrində, o cümlədən ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində qarşıda mühüm hədəflərin dayandığını söyləyib.
Kamran Bayramov ilk dəfə səs verəcək gəncləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb, deputat seçiləcəyi təqdirdə ona göstərilən etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Görüşdə çıxış edən gənc seçicilər - Samir Məsimov, Məleykə Allahverdiyeva və digərləri uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, K.Bayramov Göygöl rayonunun Aşıqlı, Keşkü, Üçbulaq və Mollacəlilli kəndlərində də seçicilərlə görüşüb.