Seçki-2024
Cəlilabadlılar Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyirlər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 72 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Nəsirov Cəlilabad rayonunun Şiləvəngə və Şabanlı kəndlərində seçicilərlə görüşlər keçirib.
Görüşləri giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının fəalı Şahlar Əsədullayev bildirib ki, Azərbaycan milli maraqlara əsaslanan siyasət sayəsində beynəlxalq aləmdə nüfuzlu ölkə kimi tanınır. Bir sıra beynəlxalq təşkilatlar ölkəmizdə keçiriləcək parlament seçkilərini müşahidə edəcək. Şübhə yoxdur ki, bu dəfə də seçkilər demokratik standartlara cavab verəcək.
Çıxış edən deputatlığa namizəd Elman Nəsirov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. E.Nəsirov vurğulayıb ki, hazırda bütün sahələri əhatə edən çoxşaxəli islahatlar müasir çağırışlara və reallıqlara uyğun olaraq davam etdirilir, dövlət idarəçiliyinin səmərəliliyi və vətəndaş məmnunluğu artırılır: “Bu gün Azərbaycan dünyada müstəqil siyasət yürüdən, özünəməxsus inkişaf yolu olan islahatçı ölkə imici qazanıb”.
Deputatlığa namizəd çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirlərdə, həmçinin təşviqat qrupunun üzvləri Razi Məmmədov və Şahlar Əsədullayev, seçicilərdən – Şiləvəngə kənd sakinləri Qumru Əhmədova, Seyfulla Seyfullayev, Sürəyya Məmmədova, Xəyalə Həsənli, Rəsul Əliyev, Hədiyyə İbrahimova, Şabanlı kənd sakinləri Sücayət Mehtiyev, Əfrahim Abbasov, İlqar Mirzəyev, Əziz Zeynalov, Ağabəy Məmmədov və digərləri çıxış ediblər.
Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.