Seçki-2024
Tarixi nailiyyətlərin davamı üçün…
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Taleh Qurbanovun Maştağa Mədəniyyət Mərkəzində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyünün bərpa etməsindən danışıb. O, əldə olunan tarixi Zəfərdə Yeni Azərbaycan Partiyasının rolunu xüsusi vurğulayıb. Daha sonra namizəd Taleh Qurbanov haqqında seçicilərə məlumat verilib.
Çıxış edən deputatlığa namizəd Taleh Qurbanov YAP Sədri, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın dünyanın nüfuzlu dövlətinə çevrildiyini deyib. O, Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoyduğunu diqqətə çatdırıb.
Taleh Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Seçicilər də tarixi nailiyyətlərin davamı üçün YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.