Seçki-2024
Alternativsiz seçim
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində məskunlaşan seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev bildirib ki, bu gün partiyanın sıralarında 730 mindən çox üzvün birləşməsi Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın göstəricisidir.
Çıxış edən deputatlığa namizəd Ceyhun Məmmədov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. Qeyd edilib ki, Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasındadır və Prezident İlham Əliyevin rəhbərliyi ilə saysız-hesabsız uğurlara imza atılır.
Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Əli Rza Xələfli, professor Əyyub Kərimov və digərləri bildiriblər ki, Azərbaycanın sürətli inkişafı, möhkəm ictimai-siyasi sabitlik hər bir vətəndaşda qürur və məmnunluq hissi doğurur. Məhz buna görə də ümumxalq partiyası olan YAP Azərbaycan cəmiyyətinin alternativsiz seçimidir.
Çıxış edən seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Ceyhun Məmmədov Nərimanov rayonunda məskunlaşan Cəbrayıldan olan keçmiş məcburi köçkünlərlə də görüşüb.