Seçki-2024
Söz deyil, reallıqdır...
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 62 saylı Kürdəmir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Yadigar Kazımovanın Kürdəmir rayonunun Atakişili və Şıxımlı kənd seçiciləri ilə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov ilk dəfə bütün ölkə ərazisində keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən bəhs edib. O, 1993-cü ildən indiyədək iştirak etdiyi bütün seçkilərdə qələbə qazanan Yeni Azərbaycan Partiyasının xalqın dəstəyinə arxalandığını və xalqa ləyaqətlə xidmət göstərdiyini söyləyib.
Çıxış edən deputatlığa namizəd Yadigar Kazımova qeyd edib ki, növbədənkənar parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında ən mühüm hadisələrdəndir. O, Yeni Azərbaycan Partiyasının ölkəmizdə siyasi-iqtisadi islahatların, digər uğurların davamlılığının təmin edilməsində əhəmiyyətli rol oynadığını xüsusilə qeyd edib.
Seçicilər Təvəkkül Səlimov, Səkinə Əzimova, Zeynəb Əzizova Yeni Azərbaycan Partiyasının xalqın etimadını doğrultduğunu, ölkəmizin inkişafına dəyərli və layiqli töhfələr verdiyini bildiriblər. Onlar daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini ifadə ediblər.