Seçki-2024
Yeni imkanlar yaranır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 89 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xavər Allahverdiyevanın YAP İsmayıllı rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov bildirib ki, bu gün Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi, xalqımızın əmin-amanlıq və yüksək həyat şəraitində yaşadığı əsl sabitlik adasına çevrilib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycanın beynəlxalq miqyasda daha da gücləndiyini vurğulayıb. Təşkilat sədri Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın məhz bu uğurlar fonunda parlament seçkilərinə getdiyini qeyd edib.
Deputatlığa namizəd Xavər Allahverdiyeva YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlu nəticələrini və qarşıda duran hədəfləri diqqətə çatdırıb: “Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərlə torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz tam bərpa edilib. Postmüharibə dövründə yeni uğurlara imza atırıq. Bütün bunlar dövlətçilik tariximizin qürurverici səhifələridir”.
O, YAP-ın ölkənin aparıcı siyasi qüvvəsi kimi növbəti dəfə xalqın dəstəyi ilə qələbə qazanacağına inamını ifadə edib.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Xuraman Qurbanova, Xanlar Qəmbərov və görüş iştirakçıları çıxış edərək seçiciləri YAP-ın namizədini dəstəkləməyə çağırıblar.
Seçicilər də öz növbəsində Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini ifadə ediblər. “Seçimimiz YAP-ın namizədidir!”, - deyə vurğulanıb.