Seçki-2024
Xalq etimadının etibarlı ünvanı
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 13 saylı Xəzər ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Cəlahir Əliyevin YAP Xəzər rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, qarşıdan gələn parlament seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacaq. Qeyd edib ki, ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi-iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atıb.
Çıxış edən deputatlığa namizəd Cəlahir Əliyev partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, ictimai-siyasi proseslərdə, xüsusilə də seçkilərdə fəal iştirak edən ağsaqqallar və ziyalılar hər zaman ədalətin, haqqın tərəfində olub, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi üçün mühüm fədakarlıqlar ediblər.
O, çıxışında ağsaqqal və ziyalı seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin görüş iştirakçısı Əli Bədəlov seçiciləri birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıb. Bildirib ki, Yeni Azərbaycan Partiyasının namizədinə verilən səslər Azərbaycanın qüdrətinin və əhalinin rifahının daha da artmasına xidmət edəcək.