YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP bu seçkilərdə də möhtəşəm qələbə qazanacaq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səbinə Xasayeva Əli Əmirov adına Mədəniyyət Sarayının akt zalında Lökbatan qəsəbəsində yaşayan seçicilərlə görüşüb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə qatıldığını, Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlərin partiyanın fəaliyyəti ilə bilavasitə bağlı olduğunu deyib. O vurğulayıb ki, qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası bu seçkilərdə də möhtəşəm qələbə qazanacaq.

Çıxış edən deputatlığa namizəd Səbinə Xasayeva artıq 30 ildən çoxdur ki, Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmiş Yeni Azərbaycan Partiyasının qazandığı uğurlardan bəhs edib. O bildirib ki, Ümummilli Liderin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız sosial-iqtisadi inkişafın bütün göstəriciləri üzrə mühüm irəliləyişə nail olub: “Bu gün Azərbaycan çox sürətlə və uğurla inkişaf edərək regionun lider dövlətinə çevrilib. Ölkəmizdə bütün sahələrdə böyük uğurlar əldə edilir”.

Görüş iştirakçılarını qarşıdan gələn növbədənkənar seçkilərdə fəallıq göstərməyə çağıran Səbinə Xasayeva deputat seçiləcəyi təqdirdə ona göstərilən etimadı doğrultmağa çalışacağını deyib.

Tədbirdə təşviqat qrupunun üzvləri Kəmalə Heydərova, Dilbər Şabanova, seçicilərdən şəhid atası Namiq Kəlbiyev, Sədaqət Əhmədova, Bəsti Şabanova, Səmayə Kərimova və digərləri də çıxış ediblər. Natiqlər vurğulayıblar ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa öz töhfəsini verəcək.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Səbinə Xasayeva Lökbatan qəsəbəsində yaşayan bir qrup şəhid ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıb.