Seçki-2024
Şabranlıların seçimi YAP-ın namizədidir
Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlının Şabran şəhərində şəhid ailələri ilə və rayonun Əmirxanlı kəndində seçicilərlə görüşü keçirilib.
Görüşü YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov giriş sözü ilə açaraq ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyasının bu seçkilərə əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə - “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Mehdi Balabəyov qeyd edib ki, zəngin və şərəfli inkişaf yoluna malik olan Yeni Azərbaycan Partiyası ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib.
Təşkilat sədri 56 saylı Şabran-Xaçmaz seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlı haqqında seçicilərə məlumat verib.
Deputatlığa namizəd Mahir Süleymanlı əvvəlcə YAP-ın seçki platforması haqqında geniş və ətraflı məlumat verib. O qeyd edib ki, əsası Azərbaycan xalqının Ümummilli Lideri, Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası 32 ildən çoxdur ki, Azərbaycanın siyasi səhnəsindədir və ölkənin hərtərəfli inkişafı üçün üzərinə götürdüyü bütün missiyaları mükəmməl şəkildə yerinə yetirməkdədir.
Mahir Süleymanlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağıraraq qeyd edib ki, sentyabrın 1-də keçiriləcək seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Heydər Əliyev yoluna sədaqətinin və Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaq. O, deputat seçiləcəyi halda ona göstərilən inam və etimadı doğrultmağa çalışacağına söz verib.
Sonra təşviqat qrupunun üzvləri Ağaşirin Bağırzadə, Bəsti Məmmədova və digərləri çıxış ediblər. Qeyd olunub ki, hazırda Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası böyük gücə çevirilib. Çıxış edənlər uğurlarımızın və ölkəmizin inkişafının davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Görüş zamanı seçicilər də parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini əminliklə vurğulayıblar.
Qeyd edək ki, deputatlığa namizəd Mahir Süleymanlı rayonun Ceyranlı kəndində Vətən müharibəsi şəhidi Sahil Coşqun oğlu Babayevin ailəsini ziyarət edib.