Seçki-2024
Yeni zirvələrə addımlayaq!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 69 saylı Biləsuvar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elməddin Əliyevin Biləsuvar rayonunun Çaylı kəndində seçicilərlə görüşü keçirilib.
İlk öncə Çaylı kənd qəbirstanlığında şəhid valideynlərinin iştirakı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.
Görüşü giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı diqqəti Yeni Azərbaycan Partiyasının seçki platformasına yönəldərək bildirib ki, partiyanın “Yeni dövrə yeni Azərbaycanla!” şüarı özündə həm keçilən yolu, həm də qarşıdakı dövrün hədəflərini açıqlayır. O, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş YAP-ın bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə, tarixi zəfərlərə imza atdığını qeyd edib.
Çıxış edən deputatlığa namizəd Elməddin Əliyev əvvəlcə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı möhtəşəm nailiyyətlərdən, dövlətimiz və xalqımız qarşısında ən ümdə vəzifə olan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsindən söhbət açıb.
Seçicilərdən Həbib Allahverdiyev, Güloğlan Nadirov, şəhid atası Cəfərqulu Babayev və digərləri çıxış edərək qazanılan tarixi nailiyyətlərin davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədini dəstəkləməyə dəvət ediblər.