Seçki-2024
Yeni hədəflərə doğru!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 6 saylı Ordubad-Culfa seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Rəhimzadənin Ordubad rayonunun Xanağa, Vənənd, Vələver və Dırnıs kəndlərində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov Yeni Azərbaycan Partiyasının seçki platformasında yer alan uğurlara və onların əsasında müəyyənləşdirilən hədəflərə diqqəti yönəldib. Bildirib ki, partiyanın “Yeni dövrə yeni Azərbaycanla!” şüarı Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın 1993-cü ildən bəri hər bir hədəfə addım-addım nail olduğunu və bu gün suverenliyinin tam bərpa olunması ilə yeni dövrə qədəm qoyduğunu nümayiş etdirir. Prezident İlham Əliyev Ulu Öndərin xalqa 1 oktyabr 2003-cü il tarixli xalqa müraciətində Ona göstərilən etimadı son 20 ildən artıq dövrdə həyata keçirdiyi təkmil siyasəti ilə doğrultdu. Bu gün qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən Azərbaycan uğurları ilə bütün dünyanı heyrətləndirir.
Ehtibar İsmayılov deputatlığa namizəd Vüqar Rəhimzadə haqqında seçicilərə məlumat verib.
Deputatlığa namizəd Vüqar Rəhimzadə çıxışında YAP-ın seçki platformasında qeyd edilən iqtisadi uğurlarımızdan bəhs edib. Bildirib ki, bütün uğurlarımızın əsasında sabitlik və iqtisadi tərəqqi dayanır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir ki, Azərbaycan beynəlxalq aləmdə ən islahatçı, dinamik iqtisadi inkişafa malik olan ölkə kimi tanınır. Ölkəmizin iqtisadi və maliyyə imkanları bütün sahələrdə təkmil islahatların həyata keçirilməsini şərtləndirir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda geniş miqyas alan bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi qüdrətinin təqdimatıdır. Ümumilikdə bütün regionlarımız sürətli inkişaf dövrünü yaşayır. Bu gün Ordubad rayonunun timsalında bu inkişafı aydın təsəvvür etmək mümkündür. Müasir infrastrtukturun yaradılması, vətəndaşlara sosial xidmətin yaxılaşdırılması üçün yeni təcrübələrə xüsusi önəm verilməsi hər bir bölgənin dəyişən simasında aydın görünür. Bütün hallarda əsas hədəf vətəndaş məmnunluğunun artırılmasıdır.
Vüqar Rəhimzadə qalib Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsini təmin etmək üçün seçkilərdə fəal olmağa, layiqli namizədlərə səs verməyə çağırıb.
Ordubad rayonunun Xanağa kəndində seçicilər Arif Əmirov, Minayə Əliverdiyeva, Arzu Qasımov və Fərman Rəsulov, Vənənd kəndində Yəhya Yəhyayev, Təranə İsmayılova, Kəmalə İmanova, Dırnıs kəndində Vüqar Mirzəyev, Nail Məmmədov, Seyran İbrahimov, Əhəd Cəfərov çıxış edərək bildiriblər ki, yeni dövrə yeni Azərbaycanla birgə addımlamaq üçün seçkilərdə fəal olaq, Yeni Azərbaycan Partiyasının namizədinə səs verək!
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Vüqar Rəhimzadə Dırnıs kənd Şəhidlər xiyabanında şəhidlərin məzarlarını ziyarət edib.