Seçki-2024
“Çoxəsrlik dövlətçilik tariximizin yeni şanlı səhifələri yazılır”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 114 saylı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar İskəndərovun YAP Şəki rayon təşkilatının qərargahında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ölkənin aparıcı siyasi qüvvəsidir: “YAP Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın rifah halının yaxşılaşmasına dəyərli töhfələr verir”.
Deputatlığa namizəd Vüqar İskəndərov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti tarix yazır. Möhtəşəm nailiyyətlər və qələbələrin nəticəsidir ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçiriləcək: “Çoxəsrlik dövlətçilik tariximizin yeni şanlı səhifələri yazılır”.
Deputatlığa namizəd qeyd edib ki, şəhid ailələri və müharibə iştirakçılarına dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri - şəhid Səbuhi İskəndərlinin anası Gülnarə Mustafayeva, şəhid Toğrul Nağıyevin anası Əntiqə Nağıyeva, Vətən müharibəsi iştirakçılarından Rahim Camalov, Taleh Urfansoy və digərləri çıxış ediblər. Onlar seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və uğurlarımızın davamı naminə YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər 1 sentyabr – növbədənkənar parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.