Seçki-2024
Zaqatalalılar işıqlı gələcəyə səs verəcəklər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 112 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Asif Əsgərovun Gözbarax və Mamrux kəndlərində seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov bildirib ki, ümumxalq partiyası olan YAP yarandığı dövrdən indiyə qədər Azərbaycanın tərəqqisi naminə çalışıb: “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azəbaycan Partiyasının nüfuzu gündən-günə artır”.
Çıxış edən deputatlığa namizəd Asif Əsgərov əvvəlcə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir: “Bu siyasət xalq tərəfindən birmənalı şəkildə müdafiə olunur. Xalqımızın qarşıdan gələn seçkilərdə də cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın namizədlərinə etimad göstərəcəyi şübhəsizdir”.
Daha sonra təşviqat qrupunun üzvü Tahir Məmmədov, partiya fəalı Məhərrəm Həsənov və digərləri çıxış edərək bildiriblər ki, YAP ümumxalq və qələbələr partiyası kimi yüksək nüfuza malikdir. Şübhə yoxdur ki, sentyabrın 1-də keçiriləcək parlament seçkilərində də YAP-ın namizədləri inamlı qələbə qazanacaqlar.
Görüşdə çıxış edən seçicilər də YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.