Seçki-2024
“Yeni Azərbaycan Partiyası xalqa xidmət yolunu seçib”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bədəl Bədəlovun Goranboy rayonunda ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev bildirib ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunması ilə yeni dövr başlanıb: “Qazandığımız möhtəşəm nailiyyətlərin təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Partiyamızın seçki platformasında da məhz Azərbaycanın qazandığı uğurlar və qarşıdakı dövrün hədəfləri öz əksini tapıb”.
O, ilk dəfə səs verəcək gəncləri qarşıdan gələn parlament seçkilərində fəal olmağa çağırıb.
Deputatlığa namizəd Bədəl Bədəlov isə parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan YAP-ın seçki platforması barədə ətraflı məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin uğurlu nəticələrindən və qarşıda duran hədəflərdən ətraflı bəhs edib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yetişən qürurlu, şərəfli və vətənpərvər Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük fədakarlıq və rəşadət nümayiş etdirməklə döyüş meydanında tarix yazıb - Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasında misilsiz rol oynayıb. Bu, xalqımızın qürur və iftixar mənbəyidir”.
Görüşdə təşviqat qrupunun üzvləri Ürfət Həsənov, Yeganə Məmmədova və Dərgah Abbasov çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar. “Yeni Azərbaycan Partiyası xalqa xidmət yolunu seçib”, - deyə vurğulanıb.
Seçicilər isə inam və etimad ünvanı olan YAP-ı dəstəklədiklərini əminliklə ifadə ediblər.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Bədəl Bədəlov YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərovla birlikdə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndinin seçiciləri ilə də görüş keçirib. Görüşdə YAP-ın seçki platforması haqqında məlumat verilib, seçicilər parlament seçkilərində fəal iştiraka dəvət olunub.
Deputatlığa namizəd Bədəl Bədəlov, həmçinin Goranboy rayonunun Borsunlu kəndində şəhid Əfqan Həmzəyevin və Naftalan şəhərində şəhid Bəhruz Quliyevin ailələrini də ziyarət edib. Eyni zamanda, seçicilərlə fərdi görüşlər keçirilib.