YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Ölkəmizin daha böyük nailiyyətləri qarşıdadır!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Gülgün Kərimovun YAP Ağstafa rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev vətəndaşların seçki hüququndan bəhs edərək bildirib ki, qarşıdan gələn parlament seçkilərində gənclərin fəal olması olduqca vacibdir. Prezident İlham Əliyevin hər zaman gənc nəslin inkişafına, təhsilinə diqqət və qayğısını xüsusi vurğulayan Etibar Hacıyev gənclərin də dövlətimizin inkişafında iştirakının mühüm olduğunu qeyd edib.

Deputatlığa namizəd Gülgün Kərimov çıxış edərək dövlətin müasir Azərbaycan gəncliyinə çox böyük önəm verdiyini vurğulayıb. Dövlət idarəçiliyində, siyasətdə getdikcə gənclərə daha çox yer verilməsinin bunun bariz nümunəsi olduğunu qeyd edən G.Kərimov bildirib ki, həyata keçirilən müxtəlif sosial layihələr gəncliyin inkişafına böyük stimul yaradır.

YAP-ın uğurlarının bütün Azərbaycanın nailiyyətləri olduğunu qeyd edən Gülgün Kərimov gəncləri qarşıdan gələn parlament seçkilərində fəal olmağa, ən layiqli namizədə səs verməyə çağırıb.

Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Türkan Hüseynova, Sahilə Xəlilova və Şəfəq Heydərli Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək qayğıdan söz açıblar. Onlar Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi ənənələrin bu gün də Prezident, YAP-ın Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Natiqlər gəncləri parlament seçkilərində fəal olmağa və YAP-ın namizədinə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən gənc seçicilər Aysel Mehdiyeva və Aygün Kərimova 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.