YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Yenidən Yeni Azərbaycan Partiyası!”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 57 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin Xaçmaz rayonunda seçicilərlə görüşü keçirilib.

YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Qazanılan uğurlara diqqəti cəlb edən M.Balaqadaşov “ölkəmizdə ictimai-siyasi sabitlik, milli təhlükəsizlik, vətəndaş həmrəyliyi və xalq-iqtidar birliyi təmin olunub, azərbaycançılıq ideologiyası əsasında dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızın vahid yumruq kimi birləşərək Azərbaycanın qarşısında duran ən ümdə vəzifənin yerinə yetirilməsinə - tarixi ədalətin bərpasına, respublikamızın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsinə nail olunub”, - deyə vurğulayıb.

Deputatlığa namizəd Ağalar Vəliyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, ölkəmizdə insan amili və vətəndaş mənafeyinə əsaslanan sosialyönümlü islahatlar nəticəsində əhalinin həyat şəraiti yaxşılaşdırılıb, cəmiyyətin bütün təbəqələri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub: “Bu gün Azərbaycan dövlətinin sosial siyasət sahəsində başlıca məqsədi insana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması və sosial ədalət prinsipinin daim qorunmasıdır. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı və mənafeyi dayanır” fikri həyata keçirilən sosialyönümlü siyasətin əsasını təşkil edir”.

Tədbir iştirakçılarından şəhid atası Fərhad Qafarov, Emil Tağıyev, Gündüz Hacıyev, Rübabə İsmayılova, Nadirşah Süleymanov, Valeh Həsənov, Arif Əşrəfov, Yetkin Mehmanov, Nazim Ağayev, Abasyar Heydərov, İbrahim Həsənov və Sürəyya Əmirova çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilər isə parlament seçkilərində bir daha Yeni Azərbaycan Partiyasına etimad göstərəcəklərini söyləyiblər. “Seçimimiz yenidən Yeni Azərbaycan Partiyasıdır!”, - deyə vurğulanıb.

Deputatlığa namizəd, həmçinin  məhəllə görüşləri də keçirib.