YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gəncə seçiciləri YAP-ın namizədlərinə səs verəcək

Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 40 saylı Gəncə üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Musa Quliyevin Şeyxzamanlı qəsəbəsinin sakinləri ilə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək partiyanın parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını vurğulayıb: "YAP zəngin və şərəfli inkişaf yolu keçərək ümumxalq partiyasına çevrilib. "Dünənin, bu günün, gələcəyin partiyası" olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoyub”.

Deputatlığa namizəd Musa Quliyev çıxışında bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu tarixi ənənələr bu gün Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Bu tarixi reallığı müdrik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qətiyyətli, dönməz siyasəti ilə gerçəkləşdirir.

Tədbir iştirakçılarından Etibar Musayev, Yəhya Namazov, Rauf Qəmbərov və digərləri çıxışlarında Yeni Azərbaycan Partiyasının ölkəmizə qazandırdığı nailiyyətlərdən danışaraq seçiciləri partiyanın namizədinə dəstək verməyə çağırıblar. Partiyamızın qələbəsinə inandıqlarını vurğulayan natiqlər qeyd ediblər ki, YAP hər zaman xalqın mənafeyindən çıxış edən, Azərbaycanın dövlət müstəqilliyinin qorunması yolunda əzmlə çalışan aparıcı siyasi qüvvədir.

Qeyd edək ki, deputatlığa namizəd Musa Quliyevin Hacıkənd qəsəbəsi, “Nizami Gəncəvi: sələflər və xələflər” parkında da seçicilərlə görüşü olub.