YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Seçimimiz YAP-ın namizədidir”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizədi, YAP Sədrinin müavini Əli Əhmədovun avqustun 16-da  seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov diqqətə çatdırıb ki, indiyə qədər qazanılmış qələbələrə, yüksək nüfuzuna görə, bu gün respublikada YAP-a alternativ olacaq qüvvə yoxdur. O əlavə edib ki, Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək seçkilər xalqın YAP-a etimadının daha bir bariz ifadəsi olacaq.

Tədbirdə çıxış edən deputatlığa namizəd, YAP Sədrinin müavini Əli Əhmədov partiyanın seçki platforması haqqında ətraflı məlumat verib.  Deputatlığa namizəd bildirib ki, YAP-ın 730 mindən çox üzvü var: “Deyilən bu say yalnız statistika deyil, bunun arxasında Ümummilli Lider Heydər Əliyev siyasətinə hörmət, etimad və inam dayanır”. “Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 ildən artıq müddət ərzində milli həmrəyliyin daha da gücləndirilməsi Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etməsinə gətirib çıxarıb” - deyən Əli Əhmədov vurğulayıb ki, ölkəmiz adını dünya siyasəti tarixinə qalib ölkə kimi yazdırıb.  

O, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Tədbir iştirakçılarından Gülnar Məmmədova, Gülnar Heydərova, Qahir Şikarov, Sədaqət Vəliyeva, Vətən müharibəsi veteranı Elşad Xəlilov və digərləri çıxış ediblər. Onlar seçiciləri səsvermə günü aktiv olmağa və YAP-ın namizədinə səs verməyə çağırış ediblər.

Seçicilər də öz növbəsində 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini ifadə ediblər. “Seçimimiz YAP-ın namizədidir!”, - deyə vurğulanıb.

Xatırladaq ki, həmin gün deputatlığa namizəd Əli Əhmədov Vətən müharibəsi şəhidi Murad Elşən oğlu Məmmədovun ailəsi ilə görüşüb, eləcə də Vətən müharibəsi şəhidi baş leytenan Kənan Sadıx oğlu Süleymanlının anası Səadət İslam Şirəliyevanı doğum günü münasibətilə təbrik edib, müxtəlif ünvanlarda fərdi və məhəlli görüşlər keçirib.