Seçki-2024
Hədəflərimizə addım-addım irəliləyirik
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 58 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Könül Ələskərovanın YAP Xaçmaz rayon təşkilatının qərargahında qadın seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur, dövlətimizin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Qeyd edib ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri iqtisadi imkanlarımızın təqdimatıdır. O, deputatlığa namizəd Könül Əskərova haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Könül Əskərova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, Yeni Azərbaycan Partiyası sözün əsl mənasında ümumxalq partiyasına çevrilib: “Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”.
Şəhid anası Bibixanım Mirzəməmmədova, qərargah üzvlərindən Abasyar Heydərov, Esmira Babayeva, görüş iştirakçılarından Dilarə Rüstəmova çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.