Seçki-2024
Yeni hədəflər növbəti uğurların başlanğıcıdır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mixail Zabelinin YAP Xətai rayon təşkilatının qərargahında şəhid və qazı ailələrinin üzvləri, müharibə veteranları və iştirakçıları ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov Azərbaycanın demokratik inkişafından geniş bəhs edib. Bildirib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rola malik olan YAP-a xalqın inamı və etimadı yüksəkdir: “Qələbələr, zəfərlər partiyası kimi tanınmasında da bu amil mühüm rol oynayır. Əminik ki, 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri bu inamın, etimadın növbəti ifadəsi olacaq”.
Çıxış edən deputatlığa namizəd Mixail Zabelin Azərbaycanın tarixi Zəfərindən, yeni dövrün yeni hədəflərindən danışaraq onlara nail olmaq üçün parlament seçkilərində fəal olmağa çağırış edib: “YAP namizədlərinə səs verməklə yeni dövrə yeni Azərbaycanla addımlayacaq, daha möhtəşəm uğurlara imza atacağıq. Azərbaycanın hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmasına səbəb düşünülmüş və məqsədyönlü siyasətidir. Dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanı Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfərə qovuşdurdu”.
Tədbirdə təşviqat qrupunun üzvləri - Mürvət Əsgərov və Elnarə Zeynalova, namizədin vəkili Firdovsi Cahangirov, seçicilər Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Yuri Kovalyovun qızı Regina Kovalyova və Qəmər Cəfərova çıxış edərək YAP-ın deputatlığa namizədinin yeganə seçimləri olduqlarını bildiriblər. Seçicilər vurğulayıblar ki, səsvermə prosesində fəal olacaq, layiqli namizədə səs verməklə qalib Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsinə öz töhfələrini verəcəklər.