Seçki-2024
YAP ümumxalq etimadı əsasında ölkəmizə mühüm nailiyyətlər qazandırıb
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 53 saylı Yevlax - Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əli Hüseynlinin Mingəçevir şəhərində seçicilərlə görüşü keçirilib.
YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev qeyd edib ki, YAP ötən dövr ərzində məqsədyönlü fəaliyyətini uğurla davam etdirib, ümumxalq dəstəyi və etimadı əsasında ölkəmizə mühüm nailiyyətlər qazandırıb. O vurğulayıb ki, bu seçkilərə də böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyası xalqın dəstəyinə güvənir.
Deputatlığa namizəd Əli Hüseynli əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizdə indiyə qədər bütün sahələri əhatə edən çoxşaxəli islahatlar müasir çağırışlara və reallıqlara uyğun, ardıcıl olaraq davam etdirilib, dövlət idarəçiliyinin səmərəliliyi və vətəndaş məmnunluğu artırılıb, Azərbaycan dünyada müstəqil siyasət yürüdən, özünəməxsus inkişaf yolu olan islahatçı ölkə imici qazanıb: “Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanı daha parlaq gələcək gözləyir”.
Görüşdə çıxış edən partiya fəalı Xurşud Zamanova və digərləri seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.