Seçki-2024
Zəruri addımlar atılır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Musa Mustafayevin YAP Sumqayıt şəhər təşkilatının qərargahında gənc seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov partiyanın gənclərə olan xüsusi münasibətini qeyd edərək əlavə edib ki, Yeni Azərbaycan Partiyası regionda həm gənclərin sayına, həm də onlara göstərilən diqqət və qayğıya görə xüsusilə fərqlənir. R.Hüseynov diqqətə çatdırıb ki, bütün siyasi kampaniyalarda olduğu kimi, bu dəfə də gənclərimiz yüksək fəallıq nümayiş etdirəcək və seçkilərin şəffaf, demokratik şəraitdə baş tutmasına böyük töhfə verəcəkdir.
Çıxış edən deputatlığa namizəd Musa Mustafayev YAP-ın seçki platformasından danışıb, Azərbaycanın yeni dövrdə də bütün hədəflərinə nail olacağına əminliyini ifadə edib. O, seçiciləri 1 sentyabrda fəal olmağa, seçki məntəqələrinə gedərək layiqli namizədə səs verməyə səsləyib.
Təşviqat qrupunun üzvləri Cavid Məmiyev və Arifə Abdullayeva Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın böyük zirvələr fəth etdiyini vurğulayıb.
Öz növbəsində çıxış edən gənc seçicilər onlara xüsusi diqqət və qayğı nümayiş etdirən Yeni Azərbaycan Partiyasının rəhbərliyinə minnətdarlıq ifadə ediblər. Qeyd olunub ki, gənclər bu seçki prosesində fəal olmalı, sentyabrın 1-də kütləvi şəkildə məntəqələrə gedib səs verməlidir.